Sumqayıt Texnologiyalar Parkı Qazaxıstana kabel ixracının həcmini $7 mln.-a çatdırmağı planlaşdırır. Bu barədə STP-dan məlumat verilir.
“Mart ayında Sumqayıt Texnologiyalar Parkı Qazaxıstana kabel ixracı əməliyyatını həyata keçirməyə başladı. İndiyədək 6 avrofura məhsul sifarişçi ölkəyə yola salınıb. Müqaviləyə əsasən STP sifarişçiyə ümumilikdə 77 avrofura alçaq gərginlikli olmaqla zirehli və zirehsiz müxtəlif növ kabel məhsulları göndərəcək”, - məlumatda deyilir.
Qeyd olunur ki, kabellər Qazaxıstanın Aktoqay Dağ Mədən Kombinatının genişləndirilməsində istifadə ediləcək.
“Müqavilənin ümumi dəyəri 5 mln. dollar təşkil edir. İlin sonuna qədər isə daha 3 müqavilənin bağlanması ilə ümumi ixrac məbləğinin 7 mln. dolları ötməsi proqnozlaşdırılır”, - məlumatda vurğulanır.
Kabel Zavodu Almaniya istehsalı olan avadanlıqla təchiz olunub və 500 kV-dək kabellər istehsal edir.
Sumqayıt Texnologiyalar Parkı energetika obyektlərinin tikintisi ilə məşğul olan “Azenco” şirkətinin strukturuna daxildir. Parkın sahəsi 250 ha təşkil edir.
STP-nin ərazisində 14 müəssisə və 18 istehsalat sahəsi fəaliyyət göstərir.
Parkın yaradılması Azərbaycanın sənaye sektorunda iri infrastrukur layihələrinin həyata keçirilməsinə yönəlib.**
N.Abbasova