"Azərbaycan Dəmir Yolları" (ADY) QSC və "Qazaxıstan Dəmir Yolları" SC yük daşınması həcmini artırmağı planlaşdırır. Bu barədə ADY-nin məlumatında deyilir.
Azərbaycan və Qazaxıstan dəmir yolları arasında yük daşınması həcminin artırılması məsələləri bu gün Seulda ADY-nin sədri Cavid Qurbanov və "Qazaxıstan Dəmir Yolları" SC-nin sədri Sauat Mınbayev tərəfindən müzakirə edilib.
“Görüşdə Azərbaycan və Qazaxıstan dəmir yolları arasında yük daşınması həcminin artırılması məsələləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləri müzakirə olunub. C.Qurbanov Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə daşımaların effektivliyinin və qarşılıqlı əlaqələndirmə işlərinin operativliyinin artırılması üçün böyük potensialın mövcudluğundan danışıb”, - deyə məlumatda bildirilir.
"Qazaxıstan Dəmir Yolları" SC-nin sədri S.Mınbayev hər iki ölkənin dəmir yolları arasında ikitərəfli əməkdaşlığın perspektivlərindən danışıb.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsi Xəzər regionu ölkələrinin tranzit potensialının artırılması və inkişafına xidmət edir. Bu marşrut Çin-Qazaxıstan sərhədindən başlayaraq, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır.*
N.Abbasova