Cümə axşamı saat 14:00 radələrində “AccessBank”ın Tbilisi prospektində yerləşən baş ofisindəki texniki otaqda tüstülənmə olub. Bu barədə “İnterfaks-Azərbaycan”a bankın mətbuat xidmətindən məlumat verilib.
“Tüstülənməyə səbəb elektrik naqillərində qısaqapanmanın baş verməsidir”, - məlumatda deyilir.
Müvafiq təlimata uyğun olaraq, dərhal bankın əməkdaşları təxliyə olunub, hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Qaynar xətti"nə məlumat verilib.
“Bununla yanaşı, məsul əməkdaşlarımız tüstülənmənin qarşısının alınması üçün zəruri addımlar atıb. Təhlükəsizlik təlimatına əsasən, hadisə yerinə Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları da çağırılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, tüstülənmənin qarşısının alınmasında iştirak edən 5 nəfərə ilkin tibbi yardım göstərilib”, - bankdan bildiriblər.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və ölkənin aparıcı banklarının onluğuna daxildir. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır. **
R.Babayev