Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko bu gün Azərbaycana rəsmi səfərə gəlib.
“Səfər proqramına respublika rəhbərliyi və deputatlarla görüşlər daxildir”, – deyə Federasiya Şurasının məlumatında qeyd olunur.
"Ölkələrimiz ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi işində böyük yol qət etməyə, dostluq və mehriban qonşuluq ənənələrini qoruyub saxlamağa və artırmağa müvəffəq olub", - deyə V.Matvienko bildirib.
Onun fikrincə, bu gün Rusiya və Azərbaycan ticarət və iqtisadiyyatdan humanitar və regionlararası mübadiləyə qədər müxtəlif sahələrdə qarşılıqlı faydalı əlaqələr saxlayan strateji tərəfdaşdırlar.
Məlumata görə, Rusiya Federasiya Şurasının sədri Milli Məclisin sədri Oqtay Əsədovla danışıqlar aparacaq.
Tərəflər geniş istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini, ikitərəfli və çoxtərəfli əsasda parlamentlərarası əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Qeyd edilir ki, V.Matvienko Azərbaycanda Rusiya mədəniyyəti günlərinin açılış mərasimində çıxış edəcək, paytaxtın mədəni, idman və sosial-infrastruktur obyektlərini ziyarət edəcək.*
F.İsazadə