Rəsmi Bakı Ermənistanın baş naziri Nikol Paşinyanı Dağlıq Qarabağ münaqişəsinin həllində güc tətbiq olunmamasını təmin etmək üçün erməni hərbçiləri Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarmağa çağırıb.
N.Paşinyan aprelin 11-də Strasburqda Avropa Şurasının baş katibi Turbyorn Yaqlandla birgə mətbuat konfransında Azərbaycanı Qarabağ məsələsində gücdən istifadə, gücdən istifadə ilə hədələmə və hərbi ritorikadan imtina etməyə çağırıb.
“Gücdən istifadə olunmamasını təklif edən erməni baş nazirini bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın təmin olunması naminə öz ölkəsinin silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması istiqamətində beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq təxirəsalınmaz addımlar atmağa çağırırıq”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O vurğulayıb ki, Bakı Ermənistanın baş nazirinə beynəlxalq hüququn bu prinsipləri barədə maariflənmək məqsədilə ATƏT-in 1975-ci il Helsinki Yekun Aktı ilə tanış olmağı israrla tövsiyə edir.
L.Abdullayeva xatırladıb ki, dünya ictimaiyyəti Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır. BMT TŞ-nin 1993-cü il tarixli 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu vurğulanaraq, işğalçı erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması tələb olunur.*
F.İsazadə