“Yedinaya Rossiya” partiyasının baş katibi, Federasiya Şurasının vitse-spikeri Andrey Turçak Azərbaycanla əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyaya başçılıq edəcək. “Parlamentskaya qazeta”nın məlumatına görə, bu barədə RF Federasiya Şurasının sədri Valentina Matviyenko məlumat verib.
"Dövlətlərimiz arasındakı bütün irimiqyaslı əməkdaşlıq planlarının həyata keçirilməsi üçün bütün ikitərəfli sənədlər konkret məzmuna malik olmalıdır. Burada parlamentlər mübaliğəsiz mühüm rol oynayır", - deyə V.Matviyenko bu gün prezident İlham Əliyevlə görüşdə bildirib.
Onun sözlərinə görə, məhz qanunvericilər səmərəli iş üçün hüquqi şərait yaradır.
"İki ölkənin əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyasında dəyişikliklər baş verib. V.Matviyenko Bakıda elan etdi ki, komissiyaya Federasiya Şurasının vitse-spikeri Andrey Turçak başçılıq edəcək. Onun "Yedinaya Rossiya" partiyasının baş katibi vəzifəsində çalışması iki ölkənin siyasi partiyaların xətti ilə qarşılıqlı əlaqələrinin intensivləşdirilməsinə kömək edəcək”, - deyə qəzet yazır.
MDB Parlamentlərarası Assambleyası çərçivəsində Azərbaycan Milli Məclisi ilə birgə fəaliyyətə toxunan V.Matviyenko vurğulayıb ki, "biz Assambleyada iştirakçı ölkələr üçün model qanunlar hazırlayırıq. Bu qanunlar beynəlxalq hüquq normaları nəzərə alınmaqla iqtisadi və humanitar əməkdaşlıq üçün əlverişli şərait yaradır”.*
R.Babayev