Təhsil naziri Ceyhun Bayramov Bakı şəhərinin 162 nömrəli tam orta məktəbinin direktoru və bir neçə əməkdaşının işdən kənarlaşdırılması barədə məlumat verib.
“162 saylı məktəbin direktoru Sevinc Abbasova, tərbiyə işləri üzrə direktorun müavini Lalə Məhərrəmova və məktəbin psixoloqu Könül Ağayeva peşə vəzifələrinin icrasını təmin etmədikləri üçün işdən kənarlaşdırılıblar”, - deyə nazir bu gün Elina Hacıyevanın faciəvi ölümünə həsr olunmuş mətbuat konfransında bildirib.
O, məktəbin müəllim heyətini intihar etmiş E.Hacıyevaya zəruri psixoloji dəstək göstərməməkdə ittiham edib.
C.Bayramovun sözlərinə görə, vaxtaşırı olaraq özünə qapanan şagirdə qarşı xüsusi həssaslıqla yanaşılmayıb, onun ruhi-emosional vəziyyətinin səbəbləri ilə dərindən maraqlanılmayıb, ailə üzvləri ilə yaxından əməkdaşlıq edərək ona psixoloji-mənəvi dəstək göstərilməsinə laqeyd yanaşılıb.
“Hadisənin baş verdiyi gün məktəb rəhbərliyinin məsuliyyətsizliyi səbəbindən məktəbdə növbətçilik təmin olunmayıb, bununla yanaşı, məktəb rəhbərliyi hadisədən dərhal sonra adekvat və zəruri tədbirlərin görülməsini də təmin etməyib”, - deyə nazir qeyd edib.
C.Bayramov əlavə edib ki, E.Hacıyevanın sinif rəhbəri Çimnaz Mehdiyevaya qarşı müvafiq intizam tədbirləri görüləcək.
“Məktəbə təcrübəli psixoloqun təyin edilməsi qərara alınıb”, - deyə nazir bildirib.*
R.Babayev