Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "AtaSığorta" ASC və "Atəşgah" Sığorta Şirkəti ASC-nin lisenziyasının qüvvəsini məhdudlaşdırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MBNP-dən məlumat verilib.
““AtaSığorta” ASC və "Atəşgah" Sığorta Şirkəti ASC tərəfindən "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə bağlanmış icbari sığorta müqavilələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa və "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar cəmiyyətlərə verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilmədiyindən "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə "AtaSığorta" və "Atəşgah" Sığorta Şirkəti ASC-lərə sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb”, - deyə məlumatda bildirilir.
MBNP, həmçinin "SİNKO QRUP Azərbaycan-Sığorta və Təkrarsığorta üzrə Broker" MMC-yə sığorta brokeri fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsini 3 ay müddətinə dayandırıb. "Societe de Courtage" Sığorta və Təkrarsığorta Brokeri MMC-yə sığorta brokeri fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi isə bərpa edilib.
“Atəşgah” sığorta şirkəti 1996-cı ildə yaradılıb. Şirkət sığorta haqları və ödənişlərin həcminə görə ölkənin aparıcı sığorta şirkətlərinin beşliyinə daxildir. Səhmdarları bir neçə hüquqi şəxsdir. Nizamnamə kapitalı 5 mln. 8,5 min manata bərabərdir.
“AtaSığorta” şirkəti 2004-cü ilin sentyabr ayında fəaliyyət üçün lisenziya alıb və Azərbaycanın 15 aparıcı sığorta şirkətindən biridir.*
Ə.Məmmədov