Azərbaycan narkotiklərin yayılmasına qarşı mübarizədə fəal iştirak edir, son beş il ərzində 8 ton 354 kq müxtəlif narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bunu baş nazir Novruz Məmmədov deyib.
"Azərbaycan həm ikitərəfli əməkdaşlıq, həm də beynəlxalq platformalar çərçivəsində sülh və təhlükəsizliyin təmin olunmasına əlindən gələn töhfəni verir. Xüsusilə biz dünya birliyinin narkotiklərin yayılması və beynəlxalq terrorizmə qarşı mübarizəsində fəal iştirak edirik", - deyə N.Məmmədov bu gün Bakıda Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın açılışında bildirib.
Onun sözlərinə görə, narkotiklərin qanunsuz yayılması və narkomaniya beynəlxalq birlik üçün ciddi bəladır.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomaniyanın inkişafı təəssüf ki, intellektual potensialı məhv edir və genofonda bərpaolunmaz zərbə vurur. Son 5 ildə Azərbaycanda 8 ton 354 kq narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb", - deyə baş nazir qeyd edib.*
R.Babayev