Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakının Baş Planının ikinci mərhələsini hazırlanmasına $6 mln. 391,231 min vəsait yönəldəcək.
“2018-ci ilin sonunda bu məqsədlə beynəlxalq şəhərsalma şirkətinin seçiminə dair açıq tender elan edilib. Tender komissiyasının qərarına görə, Almaniyanın nüfuzlu “AS+P” şirkəti tenderinn qalibi olub. 19 fevral 20-19-cu il tarixində şıirkətlə $6 mln. 391,231 min məbləğində müqavilə imzalanıb”, - Komitədən qeyd ediblər.
Baş planın hazırlanması prosesinin ikincici mərhələsində şəhər ərazisinin strateji və çoxsəviyyəli planlaşdırılması, habelə əsas inkişaf göstəriciləri üzrə modelləşdirmə ilə bağlı texniki işlər aparılacaq.
Nəzərdə tutulan bu çoxşaxəli kompleks fəaliyyət çərçivəsində müxtəlif incələmə səviyyəsində bir sıra istiqamət üzrə proqramlar işlənəcək. “Ərazilərin tarazlı istifadəsi və inkişafı”, “Yol-nəqliyyat infrastrukturunun və ictimai nəqliyyat sisteminin inkişafı”, “Ətraf mühitin və ekoloji durumun yaxşılaşdırılması”, “Mühəndis-kommunikasiya sisteminin inkişafı”, “İctimai məkanların inkişafı”, “Əsaslı tikinti və tikinti sıxlığının tənzimlənməsi” və digər proqramlar paytaxtın Baş planı üzərində işin əsas tərkib hissələri kimi nümunə gətirilə bilər.
“AS+P” – qərargahı Almaniyanın Frankfurt şəhərində yerləşən, geniş beynəlxalq təcrübəyə malik olan aparıcı şəhərsalma və memarlıq şirkətidir. 1964-cü ildə təsis olunmuş “AS+P” şirkəti tərəfindən bu günədək dünyanın müxtəlif ölkələrində 2000-dən çox layihə uğurla icra olunub. Şirkətin təcrübəsi Almaniyanın Münhen, Köln və Frankfurt, Misirin Qahirə və İskəndəriyyə, həmçinin Sürix, Tbilisi, Şanxay, Moskva, İstanbul və bir çox digər tanınmış şəhərlərin ərazi planlaşdırılması sənədlərinin hazırlanmasını əhatə edir.
Xəbər verildiyi kimi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin baş planının hazırlanması işinə “The Boston Consulting Group” şirkətini cəlb edib. Müqavilənin dəyəri 1 mln. 285 min avrodur.
Komitə “The Boston Consulting Group” şirkəti ilə birgə Bakı şəhərinin baş planının hazırlanması işinin iki mərhələdə təşkil edilməsini planlaşdırır. Birinci mərhələ artıq başa çatıb.
Birinci mərhələdə paytaxt ilə bağlı bugünədək hazırlanmış bütün şəhərsalma və ərazi planlaşdırılması sənədləri, o cümlədən “Böyük Bakının Regional İnkişaf Planı” və “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” layihələri təhlil edilib, ən uğurlu dünya təcrübəsi və ölkənin inkişaf prioritetləri nəzərə alınaraq Bakı şəhərinin inkişafı konsepsiyası hazırlanıb, inkişaf prioritetlərinin istiqamətləri müəyyənləşdirilib.
İkinci mərhələdə komitə “The Boston Consulting Group” şirkəti ilə birgə birinci mərhələdə müəyyənləşdirilmiş tələblər əsasında nüfuzlu şəhərsalma, memarlıq, mühəndislik şirkətlərini və aidiyyəti ekspertləri əməkdaşlığa cəlb etməklə paytaxtın baş planının işlənməsi prosesini yekunlaşdıracaq.
Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti dövlət orqanları ilə razılaşdırıldıqdan və ictimai müzakirələr aparıldıqdan sonra Bakı şəhərinin baş planını təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunacaq. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq baş plan təsdiq olunduqdan sonra 20 il ərzində qüvvədə olacaq.**
Ə.Məmmədov