Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi (MEIS) haqqında Əsasnamə”ni təsdiq edib.
Müvafiq fərman bu gün dövlət başçısının saytında dərc olunub.
Fərmana əsasən, MEIS-in əsas təyinatı əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə informasiyanın yaradılması, toplanılması, işlənməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasından ibarətdir.
MEİS-in fəaliyyəti “bir pəncərə” prinsipi əsasında yeni texnologiyaların tətbiqi yolu ilə təmin olunur. MEİS-in saxlanılma, fəaliyyət və inkişaf xərcləri nazirlik üçün ayrılmış büdcə təxsisatları çərçivəsində dövlət sosial müdafiə fondunun büdcəsi, işsizlikdən sığorta fondunun büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
Nazirliyin müvafiq sahədə elektron xidmətlər göstərilməsi zamanı tələb olunan məlumatları ilkin mənbədən əldə etməsinin təmin olunması məqsədilə aşağıdakı dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatları və sistemləri MEİS-ə inteqrasiya edilir: Daxili İşlər Nazirliyi; Müdafiə Nazirliyi; Ədliyyə Nazirliyi; Vergilər Nazirliyi; Kənd Təsərrüfatı Nazirliyi; Təhsil Nazirliyi; Səhiyyə Nazirliyi; Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi; Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi; Dövlət Statistika Komitəsi; Əmlak Məsələləri Dövlət Komitəsi; Dövlət Miqrasiya Xidməti; Dövlət Sərhəd Xidməti; Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti; Kredit büroları; Dövlət İmtahan Mərkəzi; “Azərişıq” ASC; “Azərsu” ASC; Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi; yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri.*
N.Abbasova