2019-cu ilin I rübündə Azərbaycan əhalisi ticarət obyektlərindən 8 mlrd. 843,1 mln. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 4 mlrd. 472,1 mln. manat (2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə artım 2,4%), qeyri-ərzaq mallarının alınmasına 4 mlrd. 371 mln. manat (artım 3,1%) sərf olunub.
Cari ilin I rübündə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,5%-i ərzaq məhsullarının, 5,1%-i içki və tütün məmulatlarının, 17,6%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,9%-i elektrik malları və mebellərin, 5,6%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Bu dövrdə ticarət şəbəkəsində bir ölkə sakini 151,1 manatlıq ərzaq məhsulları, içki və tütün məmulatları, 147,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.*
N.Abbasova