2018-2019-cu illərdə “Şahdəniz” konsorsiumu TANAP ilə Türkiyəyə 1,4 mlrd. kubmetr qaz tədarük edib. Bu barədə SOCAR (ARDNŞ) şirkətinin məlumatında deyilir.
“2018-ci il iyun ayında TANAP qaz kəməri ilə kommersiya tədarükünə başlanandan 31 mart 2019-cu il tarixinədək 1,4 mlrd. kubmetr qaz nəql olunub”, - məlumatda qeyd edilir.
SOCAR 2019-cu ilin birinci rübündə TANAP ilə tədarük olunan qazın həcmini dəqiqləşdirmir. Eyni zamanda, ARDNŞ-nın məlumatına görə, 2018-ci ildə bu boru kəməri ilə tədarük həcmi 1 mlrd. kubmetrə yaxın təşkil edib.
Öncə konsorsiumun baş direktoru Saltuk Düzyol məlumat verib ki, 2019-cu ildə “Şahdəniz” konsorsiumu TANAP ilə Türkiyəyə 4 mlrd. kubmetr qaz tədarük edəcək.
Xəbər verildiyi kimi, TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazının tədarükünə ötən il iyunun 30-dan başlanılıb.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək. Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi $7,99 mlrd. həcmində qiymətləndirilir.
Perspektivdə boru kəmərinin ötürülmə qabiliyyəti illik 24 mlrd. kubmetr qaz, sonra isə 31 mlrd. kubmetrə çatdırılacaq.
Hazırda TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 51%, SOCAR Turkiye Enerji (7%), BOTAS - 30%, BP - 12%. **
N.Abbasova