Aprelin 4-də 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın özünü 3-cü mərtəbədən ataraq intihar etməsi faktı ilə əlaqədar məktəbin keçmiş direktoru Sevinc Abbasovanın barəsində cinayət işinin açılıb. Bu barədə Bakı şəhər prokurorluğunun mətbuat xidməti məlumat verir.
“15 aprel tarixində 162 saylı orta məktəbin keçmiş direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub”, - məlumatda deyilir.
Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 aprel tarixli qərarı ilə S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Aprelin 4-də 162 saylı orta məktəbin səkkinci sinif şagirdi E.Hacıyeva sinif yoldaşlarının təzyiqinə məruz qalaraq intihar məqsədilə özünü məktəbin pəncərəsindən atıb. Aprelin 6-da E.Hacıyeva 1 saylı Şəhər Klinik Xəstaxanasında vəfat edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. **
R.Babayev