Şəki rayonunda Tütün İstehsalı və Emalı Məntəqəsində həyata keçirilən yenidənqurma işləri cari ilin may ayında başa çatacaq. Bu barədə Azərbaycan Sənaye Korporasiyasının (ASK) məlumatında deyilir.
Tütün İstehsalı və Emalı Məntəqəsi Şəki rayonunun Çələbixan qəsəbəsində yerləşir. Yenidənqurma işləri 30 ədəd müasir odlaqurutma kamerasının, anbar binasının, tutumu 150 kubmetr olan 2 ədəd yanğınsöndürmə üçün su anbarının yaradılmasını nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
Hazırda obyektdə ərazinin planlaşdırılması, mövcud yerüstü və yeraltı kommunikasiya xətlərinin ərazidən kənarlaşdırılması, qurutma kameralarının monolit dəmir-beton özülünün quraşdırılması işləri həyata keçirilir.
“Tikintinin tam başa çatdırılma müddəti cari ilin may ayına planlaşdırılır”, - deyə məlumatda qeyd olunur.
Tütün İstehsalı və Emalı Məntəqəsinin tikintisi “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.*
B.Rüstəmbəyov