Xarici işlər naziri Elmar Məmmədyarov Polşa Seyminin marşalı Marek Kuxçinskini Azərbaycana səfərə dəvət edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
E.Məmmədyarov Polşaya rəsmi səfəri çərçivəsində M.Kuxçinski ilə görüşüb.
“Nazir bölgədə sülh və təhlükəsizliyə ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin cari vəziyyəti ilə bağlı marşalı məlumatlandırıb”, - məlumatda deyilir.
E.Məmmədyarov münaqişənin tezliklə həllinin bölgədə sülh, dayanıqlı inkişaf və rifahın təmin olunması baxımından vacib olduğunu vurğulayıb.
Nazir həmsöhbətinə Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən enerji, infrastruktur layihələri, o cümlədən Cənub Qaz Dəhlizi, habelə Cənub-Qərb nəqliyyat dəhlizi haqqında geniş məlumat verib.
“E.Məmmədyarov iki ölkə arasında mövcud olan əməkdaşlıq, o cümlədən parlamentlərarası əlaqələrin hazırkı durumundan məmnunluq ifadə edib. O, Polşanın Aİ-yə üzv ölkələr arasında Azərbaycanın əsas tərəfdaş ölkələrindən biri olduğunu söyləyib”, - məlumatda qeyd edilir.
Öz növbəsində, M.Kuxçinski iki ölkə arasında parlamentlərarası əməkdaşlığın əhəmiyyətini, həmçinin Avronest Parlament Assambleyası çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu bildirib.
Tərəflər Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı çərçivəsində iştirak ilə bağlı fikir mübadiləsi aparıblar. **
F.İsazadə