Milli Məclisin sədri Oqtay Əsədov aprelin 19-da Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) 49-cu plenar iclasında iştirak edəcək. Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.
“İclasda təşkilatı məsələlərlə yanaşı, quruma üzv ölkələrdə seçkilərin keçirilməsinin müşahidəsinin təşkili, Moldova və Ermənistanda keçirilmiş seçkilərdə beynəlxalq müşahidəçilərin iştirakı ilə bağlı məsələlər müzakirə olunacaq”, - deyə məlumatda bildirilir.
O.Əsədov, həmçinin aprelin 18-də MDB PA-nınŞura iclasında iştirak edəcək. İclasda 1941-1945-ci illər müharibəsində qələbənin 75 illiyinə hazırlıqla bağlı məsələ də müzakirə mövzusu olacaq.
Bundan başqa, Milli Məclisin nümayəndə heyəti aprelin 18-də beynəlxalq terrorizmə qarşı mübarizəyə dair konfransda iştirak edəcək.
“O.Əsədov səfər çərçivəsində MDB PA-nın tədbirlərində iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək”, - deyə məlumatda qeyd olunur.*
R.Babayev