Hazırda Azərbaycanda istismara qəbul olunmamış çoxmənzilli yaşayış binalarının sayı 430-dan çoxdur. Bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
“Bu gün respublika üzrə istismara qəbul olunmamış çoxmənzilli yaşayış binalarının sayı 434 ünvan təşkil edir ki, bunun da 381-i Bakı şəhərindədir”, - deyə o, “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasına həsr olunmuş müşavirədə bildirib.
Nazirin sözlərinə görə, martın 14-dən aprelin 15-dək xüsusi qərargahda 227 yaşayış binasının nümayəndələri qəbul edilib.
“K.Heydərov əlavə edib ki, 14 binaya dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada bu binaların istismara hazır olması barədə rəy tərtib edilib və aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub”, - deyə FHN-in məlumatında bildirilir.
O, binalarda müayinə işlərinin yekunlaşdığını, bunun əsasında aşkar edilən çatışmazlıqlarla bağlı görüləsi işlərin tez bir zamanda müəyyən olunacağını bildirib.
Prezident İlham Əliyev 2019-cu il fevralın 19-da “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərman imzalayıb.
Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə etməlidir.*
R.Babayev