85 atletimiz Minskdə keçiriləcək II Avropa Oyunlarına lisenziya qazanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Olimpiya Komitəsinin (MOK) mətbuat katibi Əzizə İsmayılova məlumat verib.
«85 idmançı II Avropa Oyunlarına lisenziya qazanıb. Onlardan 52 nəfəri kişi, 33 nəfəri qadın idmançılardır”, - deyə o bildirib.
Mətbuat katibinin sözlərinə görə, idmançılarımız 11 idman növündə (badminton, boks, güləş, cüdo, karate, sambo, velosiped idmanı, kanoe, kamandan oxatma, atıcılıq (güllə və stend atıcılığı) və gimnastika) çıxış edəcəklər.
Ə.İsmayılova vurğulayıb ki, II Avropa Oyunlarında iştirak etmək hüququ verən lisenziya turnirləri mayın sonunadək davam edəcək.
“Buna görə biz Oyunlarda iştirak edəcək idmançılarımızın sayının artacağına ümid edirik”, - deyə o qeyd edib.
II Avropa Oyunları 2019-cu il iyunun 21-dən 30-dək Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək. Qitənin ən böyük idman forumunda 50 ölkədən 4 mindən çox idmançı iştirak edəcək. İdmançılar 15 idman növündə 199 mükafat dəsti, eləcə də 2020-ci ildə Tokioda keçiriləcək Olimpiadaya lisenziya (10 növdə) uğrunda mübarizə aparacaqlar.
II Avropa Oyunlarının proqramına badminton, basketbol (3х3), boks, güləş (Yunan-Roma, sərbəst, qadın), velosiped idmanı (trek və yol), gimnastika (idman, bədii, akrobatika, aerobika və batut gimnastikası), baydarka və kanoe, cüdo, karate, yüngül atletika, sambo, kamandan oxatma, atıcılıq (güllə və stend), stolüstü tennis və çimərlik futbolu idman növləri daxil edilib.
I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək Bakıda (avarçəkmə üzrə yarışlar Mingəçevirdə baş tutub) keçirilib. Bu Oyunlarda 253 mükafat dəsti uğrunda 50 Avropa ölkəsindən 5,73 min idmançı 30 idman növü üzrə mübarizə aparıb.
Yarışlarda ən yaxşı nəticəni Rusiya idmançıları göstərib. Onlar I Avropa Oyunlarında 79 qızıl, 40 gümüş və 45 bürünc medal qazanıblar. İkinci yerdə ev sahibiolan Azərbaycan idmançıları qərarlaşıb. Ölkəmiz 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə 56 medal qazanıb. 3-cü yeri 47 (18 qızıl, 10 gümüş və 19 bürünc) medalla Böyük Britaniya idmançıları tutub.*
R.Babayev