Azərbaycan prezidenti İlham Əliyev “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”ni təsdiq edib.
İ.Əliyevin müvafiq fərmanı, həmçinin Əsasnamənin mətni çərşənbə günü rəsmi mətbuatda dərc olunub.
Əsasnaməyə əsasən, Portal aşağıdakıları təmin edir: tender elanının dərc edilməsini; tenderdə iştirak haqqının ödənilməsini; iddiaçı kimi qeydiyyatdan keçmiş hər bir malgöndərən (podratçı) üçün elektron kabinetin yaradılmasını; satınalan təşkilat ilə malgöndərən (podratçı) arasında qarşılıqlı məlumat mübadiləsini və sənədlərin təqdim olunmasını; tender təkliflərinin təqdim olunmasını; tender təklifinin təminatının verilməsini; tender komissiyasının virtual iclaslarının keçirilməsini; tender təkliflərinə baxılmasını, onların qiymətləndirilməsini və müqayisəsini; satınalma müqaviləsinin elektron qaydada bağlanmasını, həmin müqavilənin və tenderin nəticələrinə dair digər sənədlərin yerləşdirilməsini; “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda bildirişlərin elektron qaydada göndərilməsini; tenderin əsas şərtlər toplusunun, tender prosedurlarını tənzimləyən normativ hüquqi aktların, satınalma müqaviləsinin və digər sənədlərin yerləşdirilməsini; qanun ilə müəyyən olunmuş hallarda şikayət verilməsini və həmin şikayətə baxılmanın nəticələri barədə qərarın əldə olunmasını; qanunu ilə müəyyən edilmiş qaydada satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının təqdim olunmasını; hesab-fakturaların satınalan təşkilata təqdim olunmasını; satınalan təşkilatın ödənişlə bağlı təsdiq bildirişi təqdim etməsini; satınalma planının yerləşdirilməsini.
Portalın fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişafını onun operatoru olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi təmin edir.
Portalın fəaliyyətinin təşkili, təkmilləşdirilməsi və saxlanma xərcləri dövlət büdcəsi və digər mənbələr hesabına maliyyələşdirilir.
Portalın fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: şəffaflıq, istifadə asanlığı və rahatlığı; səmərəlilik; operativlik; təhlükəsizlik; fasiləsizlik; modulluq və miqyaslılıq. **
B.Rüstəmbəyov