Azərbaycan prezidenti İlham Əliyev Cinayət Məcəlləsinə telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkilinə görə sanksiyaları nəzərdə tutan dəyişiklikləri təsdiq edib.
Çərşənbə günü dövlət başçısının saytında dərc olunan dəyişkliklərə əsasən, Cinayət Məcəlləsinə Maddə 233-4. Telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili əlavə edilib. Həmin maddəyə əsasən, telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsi əhəmiyyətli zərər vurulmasına səbəb olduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə; vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən dörd mislinədək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. **
R.Babayev