Bakıda Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələr baş tutub.
Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Ramiz Həsənov, Gürcüstan tərəfindən isə xarici işlər nazirinin müavini Laşa Darsaliya rəhbərlik ediblər. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
Tərəflər iki qonşu ölkə arasında mehriban qonşuluq şəraitində inkişaf edən qarşılıqlı faydalı strateji tərəfdaşlıq münasibətlərinin bütün bölgənin tərəqqisi üçün vacib amil olduğunu məmnuniyyətlə qeyd etdilər. Tərəflər Bakı-Tbilisi-Qars dəmiryolu xətti, TAP, TANAP və digər enerji dəhlizləri, habelə iki ölkənin iştirak etdiyi müxtəlif regional əməkdaşlıq layihələrinin Cənubi Qafqazda iqtisadi inkişafın əsaslarını təmin etməklə yanaşı, sabitlik və təhlükəsizliyin bərqərar olunmasına da xidmət etdiyini vurğuladılar.
Qeyd olunub ki, Azərbaycanla Gürcüstan arasında 109 sənəd imzalanıb.
“Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə əlaqədar aparılan danışıqlar prosesi və Gürcüstan ərazisində olan münaqişələrlə bağlı vəziyyət barədə fikir mübadiləsi aparıblar”, - XİN-in məlumatında deyilir.
Bununla yanaşı, Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti və biznes forumlarının təşkilinin ikitərəfli əməkdaşlığın zəngin potensialından daha səmərəli şəkildə faydalanmağa əlavə təkan verə biləcəyi bildirildi.
Eyni zamanda, hər iki ölkənin inkişafında vacib yer tutan turizm sektorunun təşviqi baxımından birgə təklifləri ehtiva edən konkret layihələr üzərində əməli işlərin uğurla tamamlanması barədə məmnuniyyət ifadə olunub. Xüsusilə, cari ilin iyun ayında Batumidə təşkil ediləcək Azərbaycan mədəniyyət günlərinin humanitar sahədə əməkdaşlığa yeni təkan verəcəyinə dair əminlik bildirilib.
Məsləhətləşmələr çərçivəsində ölkələr arasındakı ikitərəfli əlaqələri tamamlayaraq onun keyfiyyətcə yeni müstəvidə inkişafına şərait yaradan Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı qeyd edildi.
Tərəflər həmçinin BMT və digər müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığ məsələlərini müzakirə ediblər. **