Azərbaycan prezidenti İlham Əliyev ölkədə daha çox Çin şirkəti görmək istərdi.
“Azərbaycanla Çin arasında iqtisadiyyat sahəsində fəal əməkdaşlıq var. Azərbaycan Çinin təşəbbüsünə qoşularaq, Asiya İnfrastruktur İnvestisiya Bankının həmtəsisçisi olub. Bir sıra Çin şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir və biz daha çox Çin şirkətlərini ölkəmizdə investor, ticarətçi və podratçı qismində görmək istəyirik”, - İ.Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində deyib.
Dövlət başçısının sözlərinə görə, Azərbaycanda çox münbit sərmayə mühiti mövcuddur. “Biz sənaye istehsalı, informasiya texnologiyaları, kənd təsərrüfatı və bir sıra digər sahələrdə daha çox Çin şirkətlərini görməyə ümid edirik”, - İ.Əliyev bildirib.
Prezident qeyd edib ki, Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsində müsbət dinamika mövcuddur.
“Bizim ticarət dövriyyəmiz 1,3 mlrd. dollar təşkil edir. Çindən idxal 40% artıb. Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Bununla yanaşı, Urumçi, Luco və Şanxayda Azərbaycanın Ticarət evləri açılmışdır. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir. Çin şirkətləri Azərbaycanda sənaye layihələrinin reallaşdırılmasında iştirak edirlər. Çinin İKT şirkətləri də ölkəmizdə uğurla fəaliyyət göstərirlər”, - prezident bəyan edib.
İ.Əliyev vurğulayıb ki, humanitar sahədə əməkdaşlığın yaxşılaşdırılması münasibətlərin inkişafında vacib rol oynaya bilər. “Düşünürəm ki, təhsil sahəsində daha fəal əməkdaşlığa ehtiyac var”, - dövlət başçısı bildirib.
Prezident qeyd edib ki, Azərbaycan son illər özünün turizm sənayesinin inkişafına böyük diqqət ayırır. “Azərbaycana səfər edən Çin turistlərinin sayında 53% artım var. Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza proseduru tətbiq edir. Vizanı Azərbaycanın beynəlxalq hava limanlarında əldə etmək olar. Azərbaycan və Çin arasında müntəzəm birbaşa uçuşlar həyata keçirilir”, - o bəyan edib.
Xarici siyasi əlaqələrə toxunan İ.Əliyev bildirib ki, Çinlə əlaqələr Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir. **
B.Rüstəmbəyov