2019-cu ilin I rübündə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 8 mln. 150,2 min ton Azərbaycan nefti nəql edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Yanvar-mart aylarında BTC ilə 8 mln. 150,2 min ton neft daşınıb ki, bu da hesabat dövrü ərzində Azərbaycanın magistral neft kəmərləri ilə nəql edilən neftin ümumi həcminin 81,5%-ni təşkil edir”, - Komitədən bildirilir.
Bu dövrdə BTC ilə tranzit neftinin nəqli 1 mln. 185,2 min ton təşkil edib ki, bu da 2018-ci ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə 23% azdır.
Xəbər verildiyi kimi, 2018-ci ildə BTC ilə 33 mln. 827,1 min ton neft nəql edilib.
Hazırda BTC boru kəməri ilə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən neft və “Şahdəniz” yatağından hasil edilən kondensat daşınır. Bundan əlavə, 2010-cu ilin iyun ayından etibarən BTC vasitəsilə Türkmənistan nefti nəql olunur.
BTC neft kəmərinin uzunluğu 1,768 min km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); “Chevron” (8,9%); “Statoil” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ConocoPhillips” (2,5%); INPEX (2,5%), “Total” (5%) və ONGC (2,36%) şirkətləridir.**
N.Abbasova