2019-cu ilin birinci rübündə “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 2 mlrd. 605,4 mln. kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 27,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Cari ilin yanvar-mart aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə nəql edilən qazın 33,5%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb”, Komitədən bildirilir.
Ümumilikdə 2019-cu ilin birinci rübündə Azərbaycanın magistral qaz kəmərləri ilə 7 mlrd. 783,5 mln. kubmetr qaz nəql edilib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 16,8% çoxdur.
2018-ci ildə “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 8 mlrd. 386,9 mln. kubmetr təşkil edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.**
N.Abbasova