Moskva Mehriban Əliyevanın birinci vitse-prezident kimi Rusiyaya səfərində maraqlıdır. AZƏRTAC-ın məlumatına görə, bunu Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko MDB Parlamentlərarası Assambleyası Şurasının aprelin 18-də Sankt-Peterburqda keçirilən iclası çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovla görüşü zamanı deyib.
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri 11-12 aprel tarixlərində M.Əliyeva ilə görüşünün yüksək səviyyədə keçdiyini qeyd edərək deyib: “Mehriban xanım çox maraqlı həmsöhbətdir. Biz onunla görüşümüz zamanı xeyli söhbət etdik”.
O.Əsədov V.Matviyenkonun Azərbaycan-Rusiya münasibətlərinin inkişafında rolunu yüksək qiymətləndirib. O, V.Matviyenkoya Azərbaycan parlamentinin 100 illik yubileyinə həsr edilmiş xüsusi medal və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Fəxri medalını təqdim edib.
Görüşdə ikitərəfli əməkdaşlıq, parlamentlər arasında qarşılıqlı fəaliyyətlə bağlı bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb.*
F.İsazadə