Cümə günü Hacıqabul şəhərində avtobus və yük avtomobilləri istehsalı üzrə zavodun təməlqoyma mərasimi keçirildi.
Zavod Hacıqabul Sənaye Məhəlləsi ərazisində inşa olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan”ın müxbiri məlumat verir.
Mərasimdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev iştirak edib.
Layihənin dəyəri 10 mln. avro təşkil edir. Layihənin iştirakçıları 25% pay iştirakı ilə “Azərmaş” MMC və 75% pay ilə “Qartal AZ” MMC-dir.
“İnterfaks-Azərbaycan”a “Azərmaş” MMC-dən verilən məlumata görə, layihəyə birinci mərhələdə investisiyalar 6 mln. avro təşkil edəcək. Birinci mərhələ çərçivəsində illik 500 avtobus və yük avtomobilinin istehsalı planlaşdırıır. İkinci mərhələdə istehsal həcmi illik 1 min ədədə qədər artacaq.
Zavodda İsveç, Almaniya,Türkiyə və İran avadanlığı quraşdırılacaq.
“Avtobusların modelindən asılı olaraq dəyəri 135-200 min avro, yük avomobillərinin – 70-90 min avro təşkil edəcək. İstehsal olunan məhsulların MDB, Mərkəzi Asiya ölkələri, Pakistan və İranda realizə olunması planlaşdırılır”, - şirkətdən qeyd ediblər.
Öncə məlumat verilib ki, zavodun 2020-ci ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. **
B.Rüstəmbəyov