Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ – “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə operator) “Mərkəzi Azəri” platformasında profilaktik işlərin həyata keçirilməsi məqsədilə neft hasilatını dayandırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ABƏŞ-in mətbuat katibi Tamam Bayatlı məlumat verib.
“Profilaktik işlərin həyata keçirilməsi üçün “Mərkəzi Azəri” platformasında hasilat aprelin 15-dən dayandırılıb. Profilaktik işlər iki həftə davam edəcək”, - deyə o bildirib.
Platformada profilaktik və inspeksiya işləri aparılacaq.
T.Bayatlının sözlərinə görə, “Mərkəzi Azəri” platformasında həyata keçirilən profilaktik işlər AÇG blokunun işlənməsi layihəsi üzrə illik iş proqramının bir hissəsidir.
“Cari ilin payızında, oktyabrın 15-də “Qərbi Azəri” platformasında profilaktik işlərlə əlaqədar neft hasilatı dayandırılacaq”, - deyə o əlavə edib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Amerikanın “Chevron” (9,57%), “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%), “Itochu” (3,65%), Azərbaycanın SOCAR (25%), Norveçin “Statoil” (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləridir.*
N.Abbasova