Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov erməni mifologiyasını ifşa edə biləcək çoxsaylı tarixi faktların olduğunu qeyd edir.
"Bir-birinə zidd olan çoxlu sayda erməni tarixi mənbələri var. Erməni alimlərin dünya tarixini saxtalaşdırma cəhdlərini ifşa etmək üçün real tarixi faktlara müraciət etmək kifayətdir", - deyə S. Novruzov bu gün keçirilən "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir" mövzusunda konfransda vurğulayıb.
Onun sözlərinə görə, Sankt-Peterburqun 300 illiyi qeyd olunarkən Rusiya İmperiyasının Dövlət Dumasının arxivi açılmışdı. Tavrida Sarayında Rusiya İmperiyası Dövlət Dumasının millət vəkillərinin fotoşəkilləri var. Regionumuzdan, Azərbaycandan, Qarabağdan Dövlət Dumasına seçilənlər arasında bir nəfər erməni də yoxdur. Bütün millət vəkilləri azərbaycanlıdır. Bu sübut edir ki, o zamanlar ermənilər burada kompakt şəkildə yaşamırdılar və kifayət qədər nüfuza malik deyildilər, əks halda onların nümayəndələri regionu Dövlət Dumasında mütləq təmsil edərdilər", - deyə komitə sədri bildirib.
O vurğulayıb ki, Ermənistan müqavilə əsasında süni şəkildə yaradılmış dövlətdir. "Dünyada müqavilə əsasında yaradılan dövlətlər var. Onlardan biri Ermənistandır. Belə ölkələr özlərinin uydurma tarixini, mədəniyyətini yaratmağa məcburdur və buna görə bir qayda olaraq başqalarının tarixini, mədəniyyətini, musiqisini mənimsəyirlər", - deyə S.Novruzov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan alimləri ermənilər tərəfindən qonşu xalqların tarixi və mədəni irsinin mənimsənilməsi faktlarını dəfələrlə aşkara çıxarıblar.
"Bu gün dünya xəritəsində 200-dən çox dövlət var. Mövcud xalqların sayı isə 3 mini ötür. Onların hər biri özünəməxsus mədəniyyətə malikdir. Son onilliklər ərzində üç dövlətin dağılması nəticəsində bölgədə 25 yeni ölkə yaranıb: bunlardan 15-i SSRİ ərazisində, 8-i Yuqoslaviyada, 2-si isə Çexoslovakiyada. Əgər əvvəllər bütün bu subyektlər bir dövlətin tərkibində idisə, müstəqillik əldə edildikdən sonra xalqlar arasında müharibələr, mədəni və ərazi iddiaları başladı", - deyə S.Novruzov vurğulayıb.*
R.Babayev