“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Azərbaycanın aparıcı turoperatoru “PASHA Travel” ilə tərəfdaşlıqda iyun ayından Səudiyyə Ərəbistanına çarter reyslərinin yerinə yetirilməsinə başlayacaq. Bu barədə şirkətin məlumatında deyilir.
“AZAL və “PASHA Travel” 2019-cu il yay uçuş cədvəli çərçivəsində Səudiyyə Ərəbistanının üç şəhərinə çarter reyslərinin yerinə yetirilməsi barədə razılığa gəlib.
“Aviaşirkət iyunun 7-dən Bakı-Dammam-Bakı marşrutu üzrə uçuşlara başlayacaq. Uçuşlar cümə günləri yerinə yetiriləcək.
İyunun 9-dan etibarən (bazar günləri) Bakı-Əl-Xufuf-Bakı, iyunun 10-dan etibarən (bazar ertəsi günləri) Bakı-Ər-Riyad-Bakı istiqamətləri üzrə reyslər yerinə yetiriləcək”, - deyə məlumatda bildirilir.
AZAL "PASHA Travel" ilə əməkdaşlıq çərçivəsində iyunun 20-dən sentyabrın 12-dək Tivata (Monteneqro) reyslər yerinə yetirəcək.
“Bundan başqa, AZAL iyunun 5-dən etibarən (çərşənbə günləri) Bakı-Mədinə-Bakı marşrutu üzrə reys yerinə yetirəcək. Aviaşirkət, həmçinin Bakı-Burayda (Əl-Qassim)-Bakı reysini açmağı planlaşdırır”, - deyə məlumatda vurğulanır.*
N.Abbasova