Azərbaycan perzidenti İlham Əliyev cümə günü Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Fərmana əsasən, Nazirlər Kabinetinə Mərkəzin işçilərinin say həddini və əməkhaqqı fondunu Azərbaycan prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etmək, dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Mərkəzin inzibati bina ilə təmin olunması və maddi texniki bazasının möhkəmləndirilməsi üçün müvafiq tədbirlər görmək tapşırılıb.
Bundan əlavə, İ.Əliyev Mərkəzin Nizamnaməsini təsdiq edib.
Fərmana əsasən, Mərkəz inkişaf istiqamətlərini, strateji məqsədlərini və fəaliyyət planlarını dövlət başçısı ilə razılaşdırmaqla müəyyənləşdirməlidir.
BMTM İ.Əliyevin 6 fevral 2019-cu il tarixli fərmanına əsasən yaradılıb.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi dünyada və regionda baş verən proseslərin təhlili, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparılması, bu məsələlərə dair ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılması, Azərbaycan Respublikası dövlət orqanlarının elmi-təhlili materiallarla təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. **
R.Babayev