Energetika Nazirliyi 2021-ci ildə qaz hasilatını 45 mlrd. kubmetrədək artırmağı proqnozlaşdırır. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
“2019-cu ildə Azərbaycanda qaz hasilatı ötən illə müqayisədə 19%, qaz ixracı – 25% artacaq. 2021-ci ildə qaz hasilatı 45 mlrd. kubmetrədək artacaq”, - P.Şahbazov bu gün Bakıda keçirilən SOCAR-ın IV Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" forumunda çıxışında bildirib.
Eyni zamanda, nazir qeyd edib ki, gələcək illərdə ölkədə qaz hasilatının artımı 2019-2020-ci illərdə “Abşeron”, “Ümid”, “Qarabağ” qaz yataqları, “Şəfəq-Asiman”, “Babək” perspektivli strukturların işlənməsi üzrə işlərin aktivləşməsi ilə şərtlənəcək.
Həmçinin, nazir məlumat verib ki, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması Azərbaycanla Orta Asiya ölkələri arasında enerji əməkdaşlığının genişlənməsi üçün böyük perspektivlər yaradır, bu da “regionda siyasi sabitliyin təminatına töhfə verəcək”.
DSK-nın məlumatına görə, 2018-ci ildə Azərbaycanda 30 mlrd. 592,2 mln. kubmetr qaz hasil edilib.
2018-ci ildə Azərbaycan $1 mlrd. 705 mln. 668,6 min dəyərində 9 mlrd. 914,9 mln. kubmetr təbii qaz ixrac edib. **
N.Abbasova