2006-2019-cu illərdə “Şahdəniz” yatağından ümumilikdə 104,2 mlrd. kubmetr qaz hasil olunub. Bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.
“1 aprel 2019-cu il tarixinə olan vəziyyətə görə, işlənməyə başlandığı 2006-cı ilin dekabr ayından indiyədək “Şahdəniz”yatağından 104,2 mlrd. kubmetr qaz və 25,1 mln. ton kondensat hasil edilib, eyni zamanda, cari ilin birinci rübündə bu yataqdan 4,3 mlrd. kubmetr qaz və 1 mln. ton kondensat çıxarılıb", - deyə P.Şahbazov bu gün Bakıda keçirilən SOCAR-ın IV Beynəlxalq “Downstream: Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" forumunda bildirib.
Onun sözlərinə görə, indiyədək bu yataqdan Türkiyə və Gürcüstana 69,7 mlrd. kubmetr qaz ixrac edilib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib.
“Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Alfa” və “Bravo” platformalarından həyata keçirilir.*
N.Abbasova