Azərbaycan prezidenti İlham Əliyev bazar günü Kolombo, Neqombo və Battikaloa şəhərlərində törədilən terror aktları nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar Şri-Lankanın prezidenti Maytripala Sirisenaya başsağlığı verib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Hörmətli cənab prezident, ölkənizdə törədilmiş partlayışlar nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi”, - məktubda deyilir.
İ.Əliyev Şri-Lanka xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıb.
“Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyirik”, - İ.Əliyev vurğulayıb.
Bazar günü Şri-Lankada bir qrup terrorçu-kamikadze tərəfindən səkkiz partlayış törədilib. Paytaxt Kolombo, Neqombo və Battikaloa şəhərlərindəki 3 kilsədə və 3 hoteldə Pasxa bayramını qeyd edərkən törədilən partlayışlarda 290 nəfər ölüb. Yaralıların sayı isə 500-ə yaxındır. **
R.Babayev