2019-cu ilin I rübündə Azərbaycandan qaz ixracının həcmi 3,2 mlrd. kubmetr təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 26,6% çoxdur. Bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.
“2019-cu ilin I rübündə Azərbaycan 3,2 mlrd. kubmetr qaz ixrac edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 26,6% çoxdur. Eyni zamanda, hesabat dövründə Türkiyəyə 2,2 mlrd. kubmetr Azərbaycan qazı ixrac olunub (artım 30,9%)”, - P.Şahbazov bu gün Bakıda keçirilən SOCAR-ın IV Beynəlxalq “Downstream: Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" forumunda bildirib.
Onun sözlərinə görə, 1 aprel tarixinə TANAP ilə kommersiya tədarükü başlanandan Türkiyəyə 1,5 mlrd. kubmetr qaz ixrac olunub.
Xəbər verildiyi kimi, TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazının tədarükünə ötən il iyunun 30-dan başlanılıb.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.
Hazırda TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 51%, “SOCAR Turkiye Enerji” (7%), BOTAS - 30%, BP - 12%. **
N.Abbasova