2019-cu ilin yanvar-mart aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 50,9 mln. ton yük daşınıb ki, bu da 2018-ci ilin yanvar-mart aylarının göstəricisindən 2,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 79% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 21% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, cari ilin yanvar-mart aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4% artıb.
Hesabat dövründə dəmir yolu ilə 3,531 mln. ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 8,2% çoxdur.
Dəniz nəqliyyatı ilə 1 mln. 544,8 min ton (azalma 27,4%), avtomobil nəqliyyatı ilə 30,168 mln. ton (artım 2,3%), hava nəqliyyatı ilə 45,3 min ton (azalma 10,8%) müxtəlif yük daşınıb.
Yanvar-mart aylarında daxili neft kəmərləri vasitəsilə 10 mln. 5,4 min ton neft (azalma 1,2%) nəql olunub. Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.*
B.Rüstəmbəyov