Xarici İşlər naziri Elmar Məmmədyarov İsveçrənin Bakıdakı səfiri Filip Ştadleri diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
“Görüş zamanı tərəflər tezliklə Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının keçiriləcəyini bildiriblər”, - XİN-dən məlumat verilib.
Məlumata əsasən, E.Məmmədyarov və F.Ştadler iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluqlarını bildiriblər. Həmsöhbətlər iki ölkə arasında enerji sahəsində səmərəli işbirliyinin mövcudluğunu qeyd ediblər.
Həmsöhbətlər gələcəkdə mövcud əlaqələrin inkişafının zəruriliyini vurğulayıblar.
“Regionun mənzərəsini dəyişən Bakı-Tbilisi-Qars dəmir yolu xətti və ölkəmizin təşəbbüsü ilə həyata keçirilən digər layihələr haqqında danışan F.Ştadler bir sıra İsveçrə şirkətləri ilə bu xüsusda uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb”, - məlumatda deyilir.
E.Məmmədyarov diplomata gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. **
F.İsazadə