Azərbaycan prezidenti İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxlərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sərəncama əsasən, 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1 min manat (cari məzənnə ilə $588) məbləğində, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 manat ($294) məbləğində birdəfəlik maddi yardım veriləcək.
Sərəncamın icrası məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 mln. manat ayrılacaq. **
R.Babayev