Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral dünya ictimaiyyətini 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində soyqırımın törədilməsində günahkar olanları və 34 türk diplomatının qatillərini cinayət məsuliyyətinə cəlb etməyə çağırıb.
"Ermənilər tərəfindən Azərbaycanda törədilən kütləvi qırğın bütün dünya ictimaiyyətinin gözü qarşısında baş verib. Azərbaycanda qırğın törətmiş şəxslər Ermənistanda qəhrəman elan ediliblər. Bu, dünyanın ən böyük haqsızlığıdır", - deyə E.Özoral ”Uydurma erməni soyqırımı: Həqiqətlər və reallıqlar” adlı "dəyirmi masa"da çıxışı zamanı bildirib.
Diplomat qeyd edib ki, Türkiyə "erməni soyqırımı" haqqında yalanlar yaymaq istəyənləri qınayır. O, bu mövqenin tarix və həqiqət baxımından ədalətli olmadığını söyləyib.
"Bu günə qədər ASALA terror təşkilatı tərəfindən 34 türk diplomatı öldürülüb. Xocalıda ermənilər günahsız insanları qətlə yetiriblər. Buna görə cavab vermək lazımdır, günahkarlar cəzalandırılmalıdır", - deyə o vurğulayıb.
E.Özoral tarixçiləri 1915-ci ildə Türkiyə ərazisində baş vermiş hadisələri araşdırmağa və onlara ədalətli qiymət verməyə çağırıb.
"Qoy tarixçilər bunu araşdırsınlar. Biz arxivləri açdıq. Kim istəyirsə, bizim arxivlərimizdə araşdırma apara bilər. Amma Ermənistan arxivlərini açmır. Həqiqət yerini tapmalıdır. Türk xalqının tarixində heç vaxt utanılacaq hadisə baş verməyib”, - deyə diplomat vurğulayıb.*
F.İsazadə