SOCAR Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) neftin ilkin emalı üzrə yeni qurğunun (ELOU-AVT) inşasına 2020-ci ildə başlaya bilər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov məlumat verib.
“Artıq zavodda neftin ilkin emalı üzrə illik gücü 7,5 mln. ton olan yeni qurğunun inşa olunması qərara alınıb. Qurğu üzrə ilkin detallı mühəndislik işlərinin ən azı 8 ay, layihənin qiymətləndirilməsinin isə 3 ay çəkəcəyini nəzərə alaraq layihənin reallaşdırılmasına dair yekun qərar 2020-ci ildə qəbul olunacaq. ELOU-AVT-nin inşasına da 2020-ci ildə başlanılsa, bu işlər 2023-cü ilin sonunda başa çatacaq”, - deyə o bildirib.
Vitse-prezidentin sözlərinə görə, SOCAR ELOU-AVT qurğusunun tikintisi ilə bağlı iki podratçı ilə danışıqlar aparır. Həmin podratçılar kommersiya təkliflərini verdikdən sonra bu təkliflər dəyərləndiriləcək.
Xəbər verildiyi kimi, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi və yenidən qurulması layihəsi zavodun neftin ilkin emalı üzrə gücünün artırılmasını nəzərdə tutur. Hazırda zavodda illik gücü 6 mln. ton olan neftin ilkin emalı qurğusu mövcuddur. Bu həcmin ildə təxminən 8 mln. tona çatdırılması üçün “Azneftyağ” neft emalı zavodundakı 2 mln. ton gücündə ELOU-AVT qurğusunun Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna köçürülməsi planlaşdırılır.
H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi ümumilikdə 3 mərhələdə həyata keçiriləcək və 14 qurğunun tikintisini nəzərdə tutur.
Layihə $2,2 mlrd. məbləğində qiymətləndirilir.*
N.Abbasova