Azərbaycan və Rusiya Daxili İşlər nazirlikləri sərhədyanı ərazilərdə cinayətkarlıqla mübarizə məqsədilə idarələrarası əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəlib. Bu barədə “Nur” qəzeti yazır.
"Bu gün Dərbənddə hər iki ölkənin sərhədyanı ərazilərində hüquq-mühafizə orqanlarının və polislərin qarşılıqlı fəaliyyətinin razılaşdırılması və əlaqələndirilməsi üzrə Rusiya və Azərbaycan Daxili İşlər nazirliklərinin ixtisaslaşmış işçi qrupunun iclası keçirilib", - deyə nəşr regional DİN-in mətbuat xidmətinə istinadən xəbər verir.
Qəzetin məlumatına görə, görüşdə sərhədyanı ərazilərdə cinayətkarlığın vəziyyəti müzakirə edilib, insan hüquqlarına və milli qanunvericiliyin normalarına ciddi riayət olunmaqla əməliyyat şəraitinə daha əməli təsir göstərirlməsinin forma və metodları barədə fikir mübadiləsi aparılıb.
Həmçinin ötən il sərhədyanı ərazilərdə həyata keçirilmiş "Sərhəd-Sipər" əməliyyatının nəticələri müzakirə olunub.
İclasda Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin rəisi polis general-mayoruArzuDaşdəmirov, Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin rəisi polis general-leytenantı Sergey Baçurin və başqaları iştirak ediblər.
Görüşün nəticələrinə dair müvafiq protokol imzalanıb.*
R.Babayev