2019-cu ilin yanvar-fevral aylarında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 8 mln. 211,5 min ton təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 2,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəhliz çərçivəsində 1 mln. 963,1 min ton yük və ya bütün yükdaşımaların 23,9%-i dəmir yolu nəqliyyatı, 5 mln. 391,5 min tonu və ya 65,7%-i avtomobil nəqliyyatı, 856,9 min tonu və ya 10,4%-i dəniz nəqliyyatının payına düşüb.
2018-ci ildə TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə 52 mln. 673,9 min ton yük, o cümlədən 9 mln. 344,8 min ton (17,7%) tranzit yük daşınıb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.*
N.Abbasova