Sahibkarlığın İnkişafı Fondu(SİF) 2019-cu ilin əvvəlindən 33,7 mln. manat güzəştli kredit verib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“İnvestisiya dəyəri 145,7 mln. manat olan 215 investisiya layihəsinin maliyyələşdirilməsinə 33,7 mln. manat güzəştli kredit ayrılıb”, - deyə məlumatda bildirilir.
Bu gün Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 10,7 mln. manat güzəştli kredit verilib. Bu güzəştli kreditlər heyvandarlıq, quşçuluq, müasir istixana kompleksinin yaradılması və s. sahələrə yönəldiləcək və investisiya layihələrinin reallaşdırılması 300-dək yeni iş yerinin açılmasına imkan yaradacaq.
İndiyədək Bakı şəhəri, həmçinin onun kənd və qəsəbələrində faəliyyət göstərən sahibkarlıq subyektlərinin 2500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 600 mln. manat güzəştli kredit verilib.
Məlumatda qeyd olunur ki, 69 müasir istixana kompleksinin yaradılmasına SİF-in xətti ilə 248,4 mln. manat güzəştli kredit verilib.
Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 mlrd. 94 mln. 254,581 min manatdır.
2018-ci ildə fondun xətti ilə sahibkarlara 160,2 mln. manat güzəştli kredit verilib. 2019-cu ildə bu məbləğ ən azı 160 mln. manat təşkil edəcək.
SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 mln. manatadək və 10 il müddətinə 1 mln. manatdan 10 mln. manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.*
B.Rüstəmbəyov