2019-cu ilin I rübündə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 4,56% - $40 mlrd. 273,3 mln.-a qədər artıb. Bu barədə fondun məlumatında deyilir.
“Yanvar-mart aylarında ARDNF-in aktivləri 4,56% - $40 mlrd. 273,3 mln.-a qədər artıb. Aktivlər fondun nisbətən yüksək gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına artıb“, - deyə məlumatda bildirilir.
I rübdə fondun gəlirləri 5 mlrd. 960,7 mln. manat, xərcləri 2 mlrd. 640,7 mln. manat təşkil edib.
ARDNF-in gəlirləri strukturunda mənfəət nefti və qazının satışından daxilolmalar 3 mlrd. 833,5 mln. manat, tranzit gəlirləri 5,1 mln. manat, bonus ödənişləri 766,4 mln. manat təşkil edib.
Bu dövrdə fondun vəsaitlərinin idarə olunmasından 1 mlrd. 355,7 mln. manat gəlir əldə edilib.
2019-cu ilin yanvar-mart aylarında ARDNF-in xərcləri strukturunda ən çox məbləğ – 2 mlrd. 615 mln. manat dövlət büdcəsinə transfertlərin payına düşüb.
Hesabat dövründə qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı xərcləri 19,7 mln. manat, fondun idarə edilməsi ilə bağlı xərcləri 6 mln. manat təşkil edib.
Məzənnə fərqindən əldə olunan büdəcədənkənar gəlirlər 332 mln. manat məbləğində olub.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.*
N.Abbasova