Azərbaycan Dövlət Neft Fondu (ARDNF) aktivlərinin əsas hissəsini ABŞ dollarında yerləşdirməyə üstünlük verir. Bu barədə fondun məlumatında deyilir.
“2019-cu il martın sonuna olan vəziyyətə görə, ARDNF-in aktivləri $40 mlrd. 273,27 mln. təşkil edib, bunun $0,4 mln.-u Azərbaycan manatında, qalanı digər valyutalarda yerləşdirilib”, - deyə məlumatda bildirilir.
Bu dövrdə ARDNF-in investisiya portfeli $40 mlrd. 272,87 mln.-a bərabərdir.
Bununla yanaşı, fondun investisiya portfelinin strukturunda 55% ABŞ dolları (2018-ci ilin yekunları üzrə 54,3%), 33,3% avro (2018-ci ilin sonuna 34,4%), 5% funt sterlinq (2018-ci ilin sonuna 4,6%), 0,6% Avstraliya dolları (2018-ci ilin sonuna 0,6%), 0,8% türk lirəsi (2018-ci ilin sonuna 0,8%), 0,6% rus rublu (2018-ci ilin sonuna 0,7%), 0,5% Cənubi Koreya vonu (2018-ci ilin sonuna 0,5%), 1,2% Çin yuanı (2018-ci ilin sonuna 1,3%), 1,6% yapon yeni (2018-ci ilin sonuna 1,5%), 1,4% digər valyutalarda (2018-ci ilin sonuna 1,3%) yerləşdirilib.
Neft Fondunun dollarla ifadə olunan portfelində 7,4% və ya $2 mlrd. 980,2 mln. qızıl investisiyalarının payına düşür ki, bu da 71,75 tona ekvivalentdir.
Fondun məlumatına görə, ARDNF-in investisiya portfelinin 37,75%-i Avropa ölkələrində (2018-ci ilin sonuna 37,05%), 22,17%-i Şimali Amerika ölkələrində (2018-ci ilin sonuna 23,1%), 30,01%-i Asiya-Sakit okean regionu ölkələrində (2018-ci ilin sonuna 28,71%), qalanı digər regionlarda yerləşdirilib.
Fondun investisiya portfelinin 74%-i istiqrazlarda və pul bazarı alətlərində, 13,4%-i səhmlərdə, 5,2%-i daşınmaz əmlakda, 7,4%-i qızılda yerləşdirilib.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
N.Abbasova