Bu gün “Baku Circuit City” (BCC) trasında birinci sərbəst yürüşdə baş vermiş qəza ilə bağlı xərclər sığorta hesabına ödəniləcək. Bunu Azərbaycan Qran-prisinin promouteri Arif Rəhimov «Williams» komandasının pilotu Corc Rassellin qəza etməsi ilə bağlı məsələni şərh edərkən deyib.
Onun sözlərinə görə, zərərçəkmiş komandaya üzrxahlıq edilib.
"Gözdən qaçırdığımız məqamlar oldu. Bizdə 350 lük var və onlardan birində sistem işləməyib. Şükürlər olsun ki, pilot xəsarət almayıb. Xərclər sığorta hesabına qarşılanacaq. Məbləği söyləmək çətindir. Ancaq bildiyimə görə, motor yox, təkcə şassi zədələnib", - deyə A.Rəhimov vurğulayıb.
O əlavə edib ki, komandaya dəymiş ziyan ödəniləcək.
"Bu cür az təsadüf edilən hadisəyə görə dəymiş ziyanı ödəmək üçün kifayət qədər vəsaitimiz var. Hadisədən sonra biz bütün lükləri bir daha yoxladıq. Belə hallar baş verir, amma bu, Bakıda yarışların keçirilməsinə təsir etməməlidir", - deyə promouter qeyd edib.
Xatırladaq ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş dayandırılıb.
“Williams” komandasının pilotu Corc Rassellin bolidinin alt hissəsi drenaj lükünə ilişib və zədələnib.
C.Rassellin bolidini aparan evakuasiya maşınının kranı isə yerüstü piyada keçidinə ilişib. Nəticədə keçid zədələnib. Kran isə qırılıb və ondan axan yağ bolidin üzərinə tökülüb.
Sərbəst yürüş ləğv olunub.*
R.Babayev