Rəsmi Montevideo işğal olunmuş Azərbaycan ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ rejimini tanımır və dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu Uruqvayın xarici əlaqələr naziri vəzifəsini icra edən Ariel Berqamino deyib.
“A.Berqamino Azərbaycan Respublikasının Uruqvay Şərq Respublikasında akkreditə olunmuş səfiri Rəşad Aslanovla görüşdə bəyan edib ki, Uruqvay beynəlxalq hüququn aliliyinə və dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır və Dağlıq Qarabağın müstəqilliyini tanımır”, - deyə məlumatda bildirilir.
O vurğulayıb ki, Uruqvay münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır və ATƏT-in Minsk qrupunun səylərini və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini dəstəkləyir.
Azərbaycan səfirinin müraciəti əsasında keçirilən bu görüşün başlıca məqsədi Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “nümayəndəsinin” Uruqvaya gəlməsi və burada guya ki, ölkə rəsmiləri də daxil olmaqla görüşlərin keçirilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirilməsi olub.
Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin müxtəlif məsələləri, o cümlədən mövcud yüksək səviyyəli əlaqələr haqda fikir mübadiləsi aparıblar. Burada, həmçinin Bakıda keçiriləcək V Mədəniyyətlərarası Dialoq Forumunda Uruqvayın xarici əlaqələr naziri Rodolfo Nin Novoanın iştirakı məsələsi də müzakirə edilib.
Azərbaycan səfirinin, həmçinin Uruqvay Senatının sədri Luisa Topolanski ilə görüşü baş tutub. Görüş zamanı L.Topolanski parlamentdə keçirilən tədbir zamanı hər hansı qondarma qurumun nümayəndəsi ilə deyil, Uruqvaydakı erməni icması ilə görüşdüyünü bildirib.
“Görüş nəticəsində Uruqvay Baş Assambleyası rəhbərliyinin mətbuat açıqlaması yayılıb. Mətbuat açıqlamasında Uruqvay Baş Assambleya və Senatının rəhbərliyinin Xarici Əlaqələr Nazirliyi tərəfindən yayılmış mətbuat açıqlamasının və xüsusilə də açıqlamanın sonuncu bəndində qeyd olunmuş “Uruqvay beynəlxalq hüququn aliliyinə və dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşdığına dair mövqeyini bir daha bəyan edir, Dağlıq Qarabağın müstəqilliyini tanımadığını bir daha bildirir, münaqişənin sülh yolu ilə həll edilməli olduğu və bu məqsədlə Uruqvayın ATƏT-in Minsk qrupunun səylərini və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini dəstəkləyir” fikrinin tam dəstəklədiyi bəyan edilib”, - deyə məlumatda qeyd olunur.
Səfir R.Aslanov Uruqvayın keçmiş prezidenti Xose Muxiko ilə də görüş keçirib.*
R.Babayev