Bakı infrastrukturun inkişafına mühüm əhəmiyyət verir. Bunu prezident İlham Əliyev deyib.
“Azərbaycanda möhkəm infrastruktur bazası yaradılıb ki, bu da bizim və tərəfdaşlarımızın maraqlarına xidmət edir”, - deyə dövlət başçısı bu gün Pekində ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan, həmçinin enerji ixrac edən ölkədir.
“Enerji ixracı bizim inkişafımız üçün əsaslı baza və təməl yaratmışdır. Biz enerji resurslarımızdan xalqımızın mənafeyi naminə istifadə etmişik, edirik və davamlı inkişafa nail olmuşuq. Hazırda iqtisadiyyatın şaxələndirilməsi əsas vəzifələrdən biridir”, - deyə İ.Əliyev bildirib.
Prezident vurğulayıb ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin reallaşdırılması prosesində fəal iştirak edir.
“Azərbaycanda hava nəqliyyatı infrastrukturu yaradılıb, altı beynəlxalq aeroport tikilib. Azərbaycan Xəzər dənizində 260 gəmi ilə ən böyük ticarət donanmasına malik ölkədir. Azərbaycanın nəqliyyat sahəsində potensialı daha da artır və bu, beynəlxalq əməkdaşlıq üçün yaxşı imkanlar yaradır”, - deyə dövlət başçısı qeyd edib.
Onun sözlərinə görə, “Bir, kəmər, bir yol” təkcə nəqliyyat layihəsi deyil, bu, sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən layihədir.*
R.Babayev