2019-cu il Azərbaycan Qran Prisini ötən ilə bərabər insan ziyarət edib. Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov deyib.
“Prinsip etibarilə, razıyam. Biz artıq ilkin yekunları hesabladıq, uik-end ərzində trası 85 minə yaxın insan ziyarət edib. Bu, təqdribən ötən ilin göstəricisinə yaxındır. Lakin nəzərə almaq lazımdır ki, biz indi üç deyil, iki konsert təşkil etdik”, - A.Rəhimov F1News.ru saytına müsahibəsində bildirib.
O, bilavasitə “Formula 1” yarışlarına tamaşaçı marağının yüksək olduğunu qeyd edib.
“Bildiyiniz kimi, avtomobil idmanı mədəniyyəti hələlik bizdə kifayət qədər yenidir, düşünürük ki, insanlar həmçinin konsertlərə görə də gəlirlər. Biz onlardan birini istisna etdik, lakin gördük ki, tamaşaçıların sayı azalmadı. Bu deməkdir ki, insanları yalnız mədəni proqram deyil, bilavasitə yarış daha çox cəlb edir”, - A.Rəhimov vurğulayıb.
Bazar günü Bakıda “Formula 1” yarışlarının dördüncü mərhələsi keçirilib. “Mercedes” komandasının finlandiyalı pilotu Valtteri Bottas Azərbaycan Qran-prisinin qalibi olub. İkinci yeri onun komanda yoldaşı Lüis Hamilton tutub. Üçüncü yerdə “Ferrari”dən Sebastyan Fettel qərarlaşıb.
Xəbər verildiyi kimi, 2018-ci ildə “Formula 1” yarışlarında ən yüksək davamiyyət Azərbaycan Qran Prisində müşayiət olunub və 31,6% təşkil edib. 2018-ci ildə “Formula 1” yarışlarının Bakı mərhələsini televiziya ilə 83 mln. insan izləyib. Rəqəmsal platformalarda Azərbaycan Qran Prisini 4,1 milyon istifadəçi izləyib.
2016-2017-ci illərdə “F-1” yarışlarının keçirilməsindən Azərbaycanın gəliri $277,3 mln. təşkil edib. **
R.Babayev