Xorvatiyanın Azərbaycanda səfir təyin etməsi ikitərəfli siyasi və iqtisadi əlaqələrin inkişafına xidmət edəcək. Bunu Xorvatiya baş nazirinin müavini, xarici və Avropa işləri naziri Mariya Peyçinoviç-Buriç deyib.
“Bu gün Xorvatiyanın Bakıdakı səfirliyinin rəsmi açılışı olacaq. Yaxın zamanda Zaqreb Azərbaycanda öz səfirini təyin edəcək. Bu, strateji əlaqələrin inkişafına baxımından mühüm addımdır və siyasət, iqtisdadiyyat , xalqlarımız arasında əlaqələrin dərinləşməsinə yardım edəcək”, - M.Peyçinoviç-Buriç bu gün Bakıda Azərbaycan XİN başçısı Elmar Məmmədyarov ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan “Şərq Tərəfdaşlığı” proqramının fəal iştirakçısıdır.
“Xorvatiya Azərbaycan və Avropa İttifaqının qarşılıqlı əməkdaşlığının inkişafı və tərəfdaşlığa dair yeni sazişin imzalanması cəhdini dəstəkləyir. 2020-ci il yanvarın 1-dən etibarən birgə layihələrin reallaşdırılmasını genişləndirməyə çalışacağıq”, - baş nazirin müavini qeyd edib.
M.Peyçinoviç-Buriç vurğulayıb ki, bazar ertəsi Bakıda Azərbaycan-Xorvatiya forumu keçirilib. “Tədbirdə Azərbaycan iş adamlarının Xorvatiya iqtisadiyyatına investisiya yatırmaları ilə əlaqədar artan maraq vurğulanıb”, - deyə o əlavə edib ki, bu gün Azərbaycan prezidenti İlham Əliyev ilə keçirilən görüşdə ikitərəfli əməkdaşlığın strateji xarakter daşıdığı qeyd olunub. **
R.Babayev